“İlin gənc müəllimi-2021”: qaliblər MM-də mükafatlandırıldı
Milli Məclisin Mədəniyyət Komitəsi, “Azedu” təhsil portalı və “Gənc müəllim" şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilən “İlin gənc müəllimi-2021” yarışması qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.
Xeberinmerkezi.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsində keçirilən mərasimində Komitəsinin sədri Qənirə Paşayeva giriş sözü ilə çıxış edib.
Qənirə Paşayeva “İlin gənc müəllimi-2021” yarışmasının təşkilində zəhməti olan hər kəsə, eləcə də yarışmaya qatılan müəllimlərə öz təşəkkürünü çatdıraraq, belə yarışmaların ictimai fikirdə təhsilə, gənc nəslə diqqətin artmasına, gənc istedadların üzə çıxarılmasına xidmət etdiyini, özəlliklə gənc müəllimlər üçün stimul olduğunu vurğulayıb:
“Müəllim sadəcə bilikləri öyrədən yox, həm də həyatı, fəaliyyəti ilə örnək olan insandır. Yarışmanın qalibləri olan siz dəyərli gənclərimizi ürəkdən təbrik edir, hər birinizlə tanışlıqdan çox məmnun olduğumu bildirir və hər birinizə yeni uğurlar diləyirəm!
Mən Elvin Səlimovun bu yarışmada qalib gəlməsinin həm rəmzi məna daşıdığını düşünür, həm də təvafüq hesab edirəm. Qalibimiz 44 günlük Vətən müharibəsində iştirak etməsi ilə də, dərslərdəki fədakarlığı ilə də örnək müəllimlərdəndir. Elvin müəllimin timsalında Vətən müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edir, şəhidlərimizə Tanrıdan rəhmət və yaralı qazilərə şəfa diləyirəm.
“Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, “Bizim gələcəyimiz gənclərimizə nəyi necə öyrətməyimizdən aslıdır.
Mən özüm iki müəllimin ailəsində böyümüşəm; bu sahə ilə həmişə mənəvi bağlılığım olub.
Məktəb yalnız bilik və savad vermək üçün deyil, o, həm də layiqli vətəndaş, faydalı şəxsiyyət yetişdirməlidir. Burada müəllimin üzərinə ailə qədər böyük yük düşür. Onlar gənclərin fərqli istiqamətdə istedadlarını üzə çıxarmalıdır!”
Qeyd edək ki, Xətai rayonu, 27 saylı tam orta məktəbin İnformatika müəllimi, Vətən müharibəsi iştirakçısı Elvin Zahid oğlu Səlimov ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2021” yarışmasında I yerə, Bakı şəhəri İlqar Əliyev adına 96 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Nəcəf qızı Möhsünova II yerə, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin kimya müəllimi Rəvan Kərim oğlu Məmmədov III yerə layiq görülüb.
Yüksək bal toplayaraq, ilk onluğa çıxmış digər müəllimlər:
Mələk Əzizova (Azərbaycan Britaniya Kolleci),
Gülnar İsmayılova (Laçın rayon, Mişni kənd tam orta məktəbi),
Gülər Bayramova (Cəlilabad şəhər, Z.Əliyeva adına 7 saylı tam orta məktəb),
Aysel Babayeva (5 saylı Respublika xüsusi internat məktəbi),
Babək Rzazadə (Astara şəhər 1 saylı tam orta məktəb),
Nemət Rüstəmli (Ağdam rayon, 91 saylı tam orta məktəb),
Aysel Alızadə (Şəmkir rayonu, Düyərli kənd 2 saylı tam orta məktəb).
Tədbirin yekununda müəllimlərə Mədəniyyət komitəsi adından qiymətli hədiyyələr təqdim olunub.